Yusif Səmədoğlu Həyatı

Həyatı

Azərbaycanın görkəmli yazıçısı, ictimai xadimi Yusif Səmədoğlu (Vəkilov)  1935-ci il, dekabr ayının 25-də Bakıda  Səməd Vurğunla Xavər xanımın ailəsində dünyaya gəlmişdir. Yusif 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbinin skripka sinfinə getmiş, səkkizinci sinfə kimi orada oxuduqdan sonra təhsilini 44 saylı məktəbdə davam etdirmiş və oranı qızıl medalla bitirmişdir.

Yusif uşaqlıqdan sevgi, qayğı içində böyümüşdür. Kiçik yaşlarından mütaliəyə böyük həvəs göstərmiş və öz həmyaşıdlarından geniş mütaliə mədəniyyətiylə fərqlənmişdi. Artıq məktəbdə oxuduğu illərdə hekayələr yazmağa başlayan Yusifin hansı ixtisası seçəcəyi heç kəsdə şübhə oyatmamışdı. Belə ki, o, 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, görkəmli rus nasiri Konstantin Paustovskinin sinfində təhsil almışdır.Yevqeni Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski,Vasili Aksyonov, Nikolay Kuznetsov kimi Rusiyanın tanınmış şair və yazıçıları Yusifin qrup yoldaşları olmuşdur."Altmışıncılar nəslinin" parlaq nümayəndələri olacaq bu simalarla yoldaşlıq və Moskva təəssüratları Yusifin dünyagörüşunə öz təsirini göstərdi.

Atası Səməd Vurğunun ölümündən sonra ailə vəziyyətiylə əlaqədar Yusif Moskva Ədəbiyyat İnstitutunun IV kursundan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin V kursuna köçürülmüşdü.

Yusif əmək fəaliyyətinə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor kimi başlamış, 1960-1965-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965-1969-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaksiya heyətinin üzvü, baş redaktoru,  1969-1976-cı illərdə kinostudiyanın direktor müavini olmuşdur. 1976-1987-ci illərdə “Ulduz” və “Azərbaycan” jurnallarının  baş redaktoru vəzifəsində çalışmış, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir. İşlədiyi müddətdə gənc nəslin bacarıq və istedadlarının üzə çıxmasında, onların düzgün istiqamətlənməsində Yusif Səmədoğlunun əvəzsiz  xidməti  olmuşdur.

Yusif Səmədoğlu Həyatı

1980-cı illərin sonları, 1990-cı illərin əvvəllərində böyük vətənpərvərlik duyğusu onu xalq hərəkatının liderlərindən birinə çevirdi. Hadisələrə real, ayıq baxışı ilə seçilən Yusif Səmədoğlunun inandırmaq bacarığı güclü idi. Bu cəhət onun millət vəkili, Milli Məclisin deputatı kimi səkkiz illik fəaliyyətinə (1990-1998) də xasdır. Parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri kimi o, Azərbaycanın  haqq sözünün dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüşdür.

Təbiətən mehriban, ünsiyyətcil olan Yusif Səmədoğlu xoş çöhrəli görkəmi, böyük intellekti, yüksək  zövqlü ziyalılığı ilə onu tanıyanlarının həmişə diqqətini çəkmişdi.

Yusif Səmədoğlu ilk hekayələrini 50-ci illərdə yazmağa başlamış və onun ilk hekayələr toplusu 1960-cı ildə “Yusif Vəkilov” imzasıyla çapdan çıxmışdı. Qeyd etmək lazımdır ki, böyük türk şairi Nazim Hikmətin tövsiyyəsiylə Yusif atasının adını özünə təxəllüs götürmüş və “Yusif Vəkilov” imzasını “Yusif Səmədoğlu” ilə əvəz etmişdir.

Yusif Səmədoğlunun əsərlərində milli hiss, vətən sevgisi qabarıq şəkildə öz əksini  tapmışdır. 1959-cu ildə qələmə aldığı “Yaddan çıxmış sözlər” novellası, “Xəzri” hekayəsində yazıçı “Türkmənçay – 1828-ci il” müqaviləsini yada salmış, oxucunu bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırmış, torpaqlarının  iki yerə parçalanmasının dərdi-acısı ilə Təbriz harayı qaldırmışdır.

Yusif Səmədoğlu sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirmişdir. O, zamanın nəbzini tutaraq  günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrünün, yaşadığı mühitin eybəcərliklərini ifşa etmişdir.

Yusif Səmədoğlu bir nasir kimi XX əsrin 60-cı illərində püxtələşmişdir. “Soyuq daş”, “Foto-fantaziya”, “Bayatı-Şiraz”, “ İncə dərəsində”,“Astana” kimi hekayələr yazıçının keyfiyyətcə yeni, daha kamil üslub, daha maraqlı forma axtarışlarının göstəricisi olmuş və klassik hekayə örnəkləri sayılır.

Yusif Səmədoğlu Həyatı

Keçən əsrin 80-cı illərinin ortalarında Yusif Səmədoğlu o dövr Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrilən “Qətl günü” romanını yazır. Bir çox xalqların dillərinə tərcümə edilən roman yüksək bədii dəyərinə, tarixi tutumuna görə tez bir vaxtda məşhurlaşdı və Yusif  Səmədoğluna Azərbaycandan çox uzaqlarda da geniş şöhrət gətirdi.

“Qətl günü” dünya və insan haqqındadır. Əsər insan problemi, insanın mənəvi inkişafı, daha çox kamilləşmək ehtiyacı ilə bağlı məsələlərə həsr olunduğundan mahiyyət etibarıyla qlobal problemləri əhatə edir.

Yazıçı müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini arayıb axtarmağa çalışmışdır. Romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç dövrdən söz açılır. Burada uzaq və yaxın keçmişimizin, müasir həyatımızın, taleyimizin, milli mənəviyyatımızın bir çox mühüm məsələləri qaldırılır, zorakılığın, ölümün hər hansı şəklinə qarşı, insan mənliyini tapdalayan, mənəviyyatını əzən hər hansı qüvvəyə qarşı acı bir etiraz var. Zaman dəyişir, bəşəriyyət öz inkişafında irəliyə getsə də, Xeyirlə Şərin, xeyirxahlıqla bədxahlığın mübarizəsi davam edir...

“Qətl günü” Yusif Səmədoğlunun humanist fikirlərinin, bəşəri sevgisinin təcəssümü, insanı saflaşdırmaq, kamilləşdirmək istəyinin – yüksək idealın böyük sənətkarlıqla ifadəsi yolu ilə yaranmışdır. Bu əsər gənclərdə milli qürur və vətənpərvərlik hissi aşılamaq baxımından çox əhəmiyyətlidir.

1990-cı ildə rejissor Gülbəniz Əzimzadə tərəfindən "Qətl günü" romanını ekranlaşdırılmışdır.

2014-cı ildə ədiblər arasında keçirilən sorğu nəticəsində “Qətl günü” XX əsr ən yaxşı Azərbaycan romanı seçilmişdir.

“Deyilənlər gəldi başa” adlı yarımçıq qalmış romanında Yusif Səmədoğlu son illərin hadisələrini əks etdirmək istəyirdi. Lakin əcəl buna macal vermədi.

Yusif Səmədoğlu kino sənəti ilə bağlı yazıçıdır.Süjet qurma məharəti, yaratdığı xarakterlərin aydınlığı və bitkinliyi, ətraf aləmin canlı təsviri ona Səməd Vurğunun “Komsomol poeması” əsərinin motivləri əsasında yüksək səviyyəli “Yeddi oğul istərəm...” filminin ssenarisini yaratmasına imkan vermişdir (1969). “Yeddi oğul istərəm...” filmi öz məzmunu, quruluş və bədiilik xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Yusif Səmədoğlu Çexoslovakiya dramaturqu İrji Mareklə birgə“Səmt küləyi” filminin ssenarisini yazmışdır. Bu film Azərbaycan kinostudiyasının tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk filmdir (1971). Yusif Səmədoğlunun ssenari müəllifləri olduğu “Cəlil Məmmədquluzadə”, “Səməd Vurğun” sənədli filmləri iki böyük sənətkarın təcəssümü kimi əhəmiyyətlidir.

Yusif Səmədoğlu Azərbaycan mədəniyyətinin inkişafında, milli ideyanın genişlənməsində böyük rolu olmuş sənətkardır. O, 16 avqust 1998-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yusif  Səmədoğlunun Səməd Vurğunun Ev Muzeyində həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya yaradılmışdır.

Onun həyat yoldaşı Nəmidə Qurban qızı Vəkilovadır (Qurbanova). Qızları – Mehriban Ziyadova (Vəkilova), Humay Vəkilovadır.