Muzey haqqInda

Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun Ev Muzeyi Azərbaycanda yazıçı və  bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. 1974-cü ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılan muzeyin 1975-ci il oktyabrın 6-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Sovet Ədəbiyyatı günlərində təntənəli açılışı olmuşdur. Muzey Bakı milyonçusu, xeyriyyəçi Hacı Hacıağa oğlu Ağa Yusif Dadaşov tərəfindən 1896-cı ildə inşa edilmiş yaşayış binasının III mərtəbəsində, altıotaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamışdır. Muzeyin fondu şairin həyat yoldaşı Xavər xanımın verdiyi materiallar əsasında qurulmuşdur. Ötən illər ərzində muzeyin fondu xeyli zənginləşmiş, şairin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. 2015-ci ildə muzeydə şairin oğulları, Azərbaycan mədəniyyətinin fəxrləri Xalq yazıçısı Yusif Səmədoğluna və Xalq şairi Vaqif Səmədoğluna həsr olunan  ekspozisiyalar yaradılmış, bunun nəticəsində muzeyin fondu onların həyat və yaradıcılığını əks etdirən  qiymətli materiallarla daha da zənginləşmiş və  təkmilləşmişdir. Hal-hazırda muzeyin fondunda S.Vurğuna, Yusif Səmədoğluna, Vaqif Səmədoğluna aid xatirə əşyaları, nadir fotolar, rəsm əsərləri, əlyazmaları,hədiyyələr,tədqiqat əsərləri və sairə materiallar saxlanılır. 2017-ci ildə eksponatların ümumi sayı 17000-dən artıqdır.

 

***

 

1976-cı ildə şairin vətənində – Qazax rayonununYuxarı Salahlı kəndində muzeyin filialı – “Poeziya evi” yaradılmışdır. S.Vurğunun Ev Muzeyinin zəngin fondu hesabına 2016-cı ildə “Poeziya evi”ndə təkmilləşdirmə işləri aparılmışdır. S.Vurğunun Ev Muzeyi rayonlarda şairlə bağlı yaradılan muzey və guşələrin təşkilində yaxından köməklik göstərib. Muzeyin girəcəyində divar boyu Vəkiloğulları (Vəkilovlar) nəslinin şəcərəsi vurulub(tərtibatçı İsmayıl Umudlu, rəssam Afaq Kərimova). 500 illik tarıxı olan bu nəsl  barədə yazılı tarix mövcuddur.bu nəslin dəyərli nümayəndələri içərisindən Azərbaycanın ictimai-siyasi,mədəni həyatında öz parlaq imzalarını qoymuş diplomatlar, hərbiçilər, həkimlər, şairlər çıxmışdır.1917-1920-ci illərdə Azərbaycanda cərəyan etmiş İstiqlal hərəkatında bu nəslin Mustafa bəy Vəkilov, Rəhim bəy Vəkilov, Məmmədrza bəy Vəkilov kimi nümayəndələri yaxından iştirak etmişlər.
Muzeydəki üç otaq – şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. S.Vurğunun iş otağında şairə aid olan memorial eksponatlar, mebel dəsti, şəxsi əşyalar, kitabxanasından nümunələr, son əlyazmaları, dramaturji yaradıcılığıyla bağlı stendlər və başqa dəyərli əşyalar nümayiş  etdirilir. Şairin “Vaqif” dramının qəhrəmanları olan Molla Pənah Vaqifin və Şah Qacarın yarımmetrlik tunc heykəlləri (heykəltəraş Kamran Əsədov) də burada yer alıb. Şairin evi qonaqlı-qaralı olub həmişə. Şeirə, musiqiyə qapıları  taybatay açıq olub.Yazıçılar, rəssamlar, bəstəkarlar, sadə adamlar  bu evin  qonağı olmuşlar. Qonaq otağına  xüsusi yaraşıq verən qara  royalda  vaxtı ilə Üzeyir Hacıbəyov, daha sonralar Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Vaqif Səmədoğlu ifa etmişlər. Bu otaqda əntiq mebel dəsti, S.Vurğunun portreti (rəssam Mikayıl Abdullayev), Xavər xanımın  portreti (rəssam Kamil Xanlarov), şairin portreti həkk edilmiş süjetli xalça (rəssam Lətif Kərimov), şairin özünə və ailəsinə məxsus xatirə əşyaları nümayiş etdirilir. Qiymətli eksponatlar sırasında əntiq saat  diqqəti çəkir.  Səməd Vurğun dünyasını dəyişən zaman, 27 may 1956-cı il saat 19 : 30 - da şairin həyat yoldaşı Xavər xanım bu saatın əqrəblərini dayandırmışdır. Yataq otağı şairin zamanında olduğu kimi qorunub saxlanılır. Otaqlardan  birindəki ekspozisiya S.Vurğunun  həyat və yaradıcılığından bəhs edir.  Burada  şairin  dövrünün ziyalıları ilə olan fotoşəkilləri, şəxsi əşyaları, “ölüm maskası”(müəllif Fuad Əbdürrəhmanov) sərgilənir. Bu otaqda həmçinin Xavər xanımın və şairin qızı Aybəniz xanımın fotoşəkillərindən, səxsi əşyalarından ibarət vitrinlər yer alıb.

 

***

 

Yusif  Səmədoğlunun və Vaqif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilən ekspozisiyada onlara məxsus olan yazı masaları, geyim, şəxsi əşyalar, əlyazmaları, fotolar, Yusif Səmədoğlunun “Qətl günü” əsərindəki sevimli qəhrəmanı Kirlikirin, Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesinin qəhrəmanları Söylü və Moşunun yarımmetrlik tunc heykəlləri (heykəltəraş Kamran Əsədov) və sairə diqqəti cəlb edən qiymətli eksponatlar nümayiş olunur. Əvvəllər şüşəbənd-dəhliz funksiyasını daşıyan bu otaqda  2016-cı ildə “Mənim 60-cılar nəslim” ekspozisiyası təşkil olunub. 60-cı illər mədəniyyətimizin taleyində  dönüş yaratmış parlaq simaların təsvir edildikləri panno (rəssam Afaq Kərimova), o dövr ab-havasını yaradan əşyalar sərgilənir.Səməd Vurqunun (heykəltəraş Asim Quliyev), Yusif Səmədoglunun və Vaqif Səmədoglunun büstləri (heykəltəraş Kamran Əsədov) və ailənin musiqiyə və ədəbiyyata olan bağlılığının rəmzi kimi “Söz və Musiqi harmoniyası” adlı yarımmetrlik tunc heykəl (heykəltəraş Kamran Əsədov) də burada nümayiş etdirilir. Muzeydə əhatə dairəsi çox geniş olan kütləvi işlər görülür. S.Vurğunun, övladlarının xatirə günləri, kitab təqdimatları, ədiblərlə, alimlərlə, yaradıcı adamlarla, tanınmış şəxsiyyətlərlə görüşlər keçirilir, gənclərin iştirakı ilə gecələr təşkil olunur, elmi konfransların, beynəlxalq tədbirlərin keçirilməsində iştirak edir. Muzeydə ayrı-ayrı ədəbi hadisələr, tarixi günlər də qeyd olunur. Bu qəbildən, 1988-ci ildə Azərbaycan Cümhuriyyətinin ildönümüylə bağlı tədbir və sərgi, 1989-cu ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 150 illiyi respublikada ilk dəfə olaraq  məhz S.Vurğunun Ev Muzeyində keçirilib. Muzeyin əsas vəzifəsi bura gələn tamaşaçıları tədbir iştirakçılarını, xüsusi ilə də gənc nəsli Səməd Vurğunun, Yusif Səmədoğlunun, Vaqif Səmədoğlunun həyatı, yaradıcılığı ilə, səslərinin lent yazısı ilə, onlar haqda çəkilən kinoxronika ilə tanış etmək və bu böyük sənətkarların ədəbi irsini təbliğ etməkdən ibarətdir. Səməd Vurğunun Ev Muzeyinin ilk direktoru şairin ömür-gün yoldaşı Xavər xanım olmuş(1975-2006), onun vəfatından sonra muzeyə şairin qızı Aybəniz xanım rəhbərlik etmiş (2006-2009), Aybəniz xanımdan sonra  qızı Aygün xanım muzeyin direktoru olmuşdur. 2015-ci ildən muzeyə Vaqif Səmədoğlunun həyat yoldaşı, fəlsəfə doktoru Babayeva-Vəkilova Nüşabə xanım rəhbərlik edir.


Səməd Vurğunun Ev Muzeyi.
Ünvan: Bakı-370005, T.Əliyarbəyov küç. 6 
Tel: (+994 12) 493-56-52
Email: vurgunmuseum@mail.ru

 

***

 

1994 cü ildən 2014 cü ilə qədər "Səməd Vurğun fondu" fəaliyyət gostərib.